
Törə
Çilingağac – xalq oyun yaddaşının qədim nümunəsi
Aytəkin Zeynalova yazır
AMEA Naxçıvan bölməsinin əməkdaşı,AMEA Folklor İnstitutunun doktorantı
Xalq oyunları xalqın dünyagörüşünü, məişətini, düşüncə tərzini və sosial münasibətlərini özündə yaşadan zəngin folklor nümunələridir. Nəsildən-nəslə ötürülən bu oyunlar bəzən bir bölgənin, bəzən isə bütöv bir xalqın mədəni yaddaşının mühüm daşıyıcısına çevrilir. Belə qədim oyunlardan biri də müxtəlif bölgələrdə fərqli ad və qaydalarla oynanılan “Çilingağac” oyunudur.
“Çilingağac” yazqabağı və bayramqabağı günlərdə uşaqlar və gənclər arasında geniş yayılmış qədim xalq oyunlarından biri olmuşdur. Rauf Quliyev və Günel Şamilova “Qərbi Azərbaycan folklorunda oyunların linqvokulturoloji təhlili” məqaləsində qeyd edir: “Bu oyun Qərbi Azərbaycanda “Mələk-dümbələk” adı ilə də tanınır. Uşaq oyunları sırasında yer alan bu oyun Azərbaycanın digər bölgələrində də müxtəlif adlarla oynanılmışdı; məsələn, Yevlax dialektində sözün “çilməçili[x’]” variantına da rast gəlirik [5, s. 102]. Naftalan folklorunda isə eyni zamanda “Tözmərə” adı ilə də tanınır, Türkiyədə isə “çelikçomak” adı ilə məşhurdur. “Çilingağac” oyununun adındakı “çiling” komponentinin Azərbaycan dilinin izahlı lüğətində “çəlik/çilik” şəkli də verilir və hər üç sözün mənası “əlağacı, əsa; əkilmək üçün qısa kəsilmiş budaq” deməkdir”. Ayrı-ayrı dialektlərdə sözün müxtəlif məna çalarları da qorunmuşdur. Məsələn, Quba və Şamaxı şivələrində “calaq”, “qələm”, Zaqatala dialektində “nağara çubuğu”, bəzi şivələrdə isə tavanın üstündə yerləşdirilən qısa ağac parçaları mənasında işlənən formaları məlumdur. Nacçıvan folklorrunda isə bu oyun “Çəlikağac” olaraq istifadə edilir.
Bütün bunlar sözün müxtəlif bölgələrdə ağac parçası, çubuq və ya kiçik ağac elementi ilə bağlı anlayışları ifadə etdiyini göstərir.
“Çilingağac” adının ikinci komponenti olan “ağac” isə oyunda istifadə edilən əsas alətlərdən birini – çomaq və ya dəyənəyi ifadə edir. Beləliklə, oyunun adı birbaşa onun əsas materialını və oynanma formasını özündə əks etdirir.
Çilingağac oyununda istifadə olunan çiling adi ağac parçası deyil. Onun hazırlanması üçün möhkəm və davamlı ağaclardan istifadə olunurdu. Xüsusilə heyva, tut kimi bərk ağac növlərinə üstünlük verilir. Ağacın növü və çilingin hazırlanma keyfiyyəti oyunun gedişinə birbaşa təsir göstərir.
Çilingağac oyununun əsasən iki üsulla oynanıldığı məlumdur.
Birinci üsulda oyunda iki-üç oğlan uşağı iştirak edir. Hər oyunçunun əlində dəyənək, yəni çilingi vurmaq üçün çomaq olur. Çiling təxminən bir qarış uzunluğunda hazırlanır və hər iki ucu düz kəsilir. Oyunçuların dayanacağı ərazidə böyük dairə çəkilir və çiling həmin dairənin ortasına qoyulur. Kimin birinci başlayacağını müəyyənləşdirmək üçün püşk atılır. Oyuna başlayan iştirakçı dəyənəklə çilingə vuraraq onu bir qədər havaya qaldırır, daha sonra yenidən vuraraq dairədən kənara çıxarmağa çalışır. Burada əsas məqsəd çilingi mümkün qədər uzağa göndərməkdir.
İkinci üsulda isə çiling daha uzun olur və oyunçuların dayanması üçün müəyyən xətt çəkilir. Oyunçu çilingi sol əlində şaquli vəziyyətdə saxlayır, sonra aşağı buraxaraq sağ əlindəki dəyənəklə ona güclü zərbə vurur. Çilingi daha uzağa atan oyunçu qalib hesab olunur. Bu sadə görünən hərəkət əslində oyunçudan həm çeviklik, həm də düzgün hesablama tələb edir. Zərbənin istiqaməti, gücü və vaxtında vurulması oyunun nəticəsini müəyyənləşdirən əsas amillərdən hesab edilir.
Qərbi Azərbaycan folklor mühitində qorunan Çilingağac variantı isə özünün mərhələli quruluşu və zəngin oyun terminləri ilə seçilir. Burada oyunun “toxmaq vurmaq”, “altdan qaldırma”, “yanmama”, “işlətmə” və “[cılığ] vuruşu” kimi mərhələləri qeyd olunur.
Oyunun qaydalarında iştirakçının uğursuzluğu və oyundan çıxması üçün də xüsusi terminlər işlədilmişdir. Məsələn, oyunçu çilingi havaya qaldıra bilmədikdə və çiling yerə düşdükdə bu vəziyyət “put” adlandırılır. Üç dəfə ardıcıl “put” edən oyunçu oyundan kənarlaşdırılır.
Oyunun müxtəlif mərhələlərində işlədilən ifadələr xalqın obrazlı düşüncə tərzini də əks etdirir. “Oldum iki qarın” ifadəsində “qarın” sözünün “can” mənasında işlənməsi, “yellə” mərhələsində məğlub olan oyunçu haqqında “boğuldu”, “put” nəticəsində oyundan çıxan iştirakçı haqqında isə “yandı” deyilməsi diqqət çəkir.
Belə terminlər göstərir ki, xalq oyunları yalnız fiziki hərəkət və yarış elementlərini deyil, eyni zamanda zəngin folklor dilini də yaşadır. Bəzən bir oyunun qaydalarını qorumaqla yanaşı, onun terminləri, deyimləri və ifadələri də nəsildən-nəslə ötürülür.
Çilingağacın maraqlı cəhətlərindən biri də oyunda iştirakçıların kim tərəfindən və hansı ardıcıllıqla başlayacağının püşk yolu ilə müəyyənləşdirilməsidir. Bu, xalq oyunlarında ədalət və bərabərlik prinsipinin necə qorunduğunu göstərir. Oyun zamanı uşaqlar yalnız fiziki güclərini sınamır, həm də bir-birlərini müşahidə edir, qaydalara əməl edir, rəqibin uğuruna və uğursuzluğuna münasibət bildirir, müxtəlif ifadələrdən istifadə edirdilər. Beləliklə, oyun uşaqlar arasında ünsiyyətin, kollektiv davranışın və sosial münasibətlərin formalaşdığı təbii mühitə çevrilirdi.
Çilingağacın yazqabağı və bayramqabağı günlərdə oynanılması da təsadüfi deyil. Xalq təqviminin müəyyən dövrlərində uşaqların və gənclərin müxtəlif oyunlarda bir araya gəlməsi həm bayram əhval-ruhiyyəsini artırır, həm də icma daxilində sosial əlaqələri möhkəmləndirir.
Bu baxımdan xalq oyunlarının əhəmiyyəti onların əyləndirici xüsusiyyətləri ilə məhdudlaşmır. Onlar uşağın fiziki və sosial inkişafına təsir edən, onu kollektiv davranışa hazırlayan mühüm folklor vasitələrindən biri olmuşdur.
Çilingağacın müxtəlif bölgələrdə fərqli adlarla və fərqli qaydalarla yaşaması Azərbaycan xalq oyunlarının regional zənginliyini göstərən mühüm faktlardandır. Ona görə də Çilingağacı yalnız keçmişdə uşaqların oynadığı bir oyun kimi qiymətləndirmək kifayət deyil. Bu oyun xalqın gündəlik həyatından, təbiətə münasibətindən, dilindən və sosial münasibətlərindən xəbər verən canlı folklor nümunəsidir.
Müasir dövrdə rəqəmsal oyunların və texnologiyanın uşaqların həyatında daha böyük yer tutması ilə bir çox ənənəvi xalq oyunları əvvəlki yayılma miqyasını itirməkdədir, lakin onların toplanması, tədqiqi, nəşri və gələcək nəsillərə çatdırılması xalqın mədəni yaddaşının qorunması baxımından xüsusi əhəmiyyət daşıyır.
