
İncələmə
Erkin Vahidov yaradıcılığında klassik Şərq poetikası
(Nəvai, Füzuli və Babur ənənələrinin yaradıcı davamı)
Atilla SÜLEYMANLI yazır...
Özbəkistan Respublikası Termez Dövlət Universitetinin
Ədəbiyyat (Özbək ədəbiyyatı) fakültəsinin doktorantı
atillanaz@mail.ru | ORCID ID: 0009-0005-7230-5123
Erkin Vahidov yaradıcılığının formalaşmasında və onun estetik sisteminin bünövrəsinin qurulmasında klassik Şərq poeziyasının və çoxəsrlik əruz ənənəsinin rolu fundamental əhəmiyyət daşıyır. Özbək ədəbiyyatının bu böyük mütəfəkkiri özünü heç vaxt klassik irsdən, Şərq mədəniyyətinin linqvopoetik köklərindən ayrı təsəvvür etməmiş, Əlişir Nəvai, Məhəmməd Füzuli və Zəhirəddin Məhəmməd Babur kimi dahi söz ustadlarının bədii ənənələrini yaradıcı şəkildə mənimsəmişdir. Lakin bu mənimsəmə prosesi ədəbiyyat tarixində tez-tez rast gəlinən sadə bədii təqlid və ya formal oxşarlıq xarakteri daşımır. Erkin Vahidov klassik poetik irsi müasir dövrün ictimai-siyasi və estetik tələbləri ilə böyük sənətkarlıqla uzlaşdıraraq ona yeni ideya-fəlsəfi məzmun və modern bədii nəfəs qazandırmağı bacarmışdır. Şairin bütöv lirikasında klassik Şərq poeziyasına məxsus zəngin obrazlar sistemi, dərin təsəvvüfi-fəlsəfi düşüncə, çoxtəbəqəli rəmzi ifadə vasitələri, insanın mənəvi kamilliyi ideyası və sözə olan müqəddəs münasibət müasir poetik təfəkkürlə üzvi vəhdətdə təqdim edilir. Bu baxımdan onun bədii dünyası klassik irsin mexaniki davamı olmaqla məhdudlaşmır, həm də həmin irsin XX əsr reallıqları müstəvisində modern interpretasiyası kimi çıxış edir.
Müqayisəli-tipoloji baxımdan yanaşdıqda, Erkin Vahidovun klassik ənənəyə bu cür konseptual münasibəti Azərbaycan poeziyası, xüsusilə Azərbaycan ədəbiyyatında klassik irsə müraciət strategiyaları ilə aydın şəkildə səsləşir. Xüsusilə Nizami və Füzuli poetikasının mənəvi-estetik prinsiplərinin Vahidov yaradıcılığında yeni poetik keyfiyyətdə yaşaması ümumtürk ədəbi təfəkkürünün vahid, sarsılmaz inkişaf xəttini və ortaq mədəni köklərini nümayiş etdirir. Məhz bu səbəbdən, Əlişir Nəvai, Məhəmməd Füzuli və Zəhirəddin Məhəmməd Babur yaradıcılığının Erkin Vahidov poetikasındakı bədii-estetik təzahür formaları müqayisəli-tipoloji metod əsasında dərindən təhlil olunmalıdır.
ƏSAS MƏTN
Konseptual planda yanaşdıqda, Erkin Vahidov yaradıcılığının əsas estetik xüsusiyyətlərindən biri onun klassik Şərq ədəbi irsinə formal deyil, yaradıcı münasibət bəsləməsidir. Şair klassik poeziyanı yalnız keçmişin ölü bir tarixi mirası və ya muzey eksponatı kimi deyil, müasir bədii düşüncənin inkişafına birbaşa xidmət edən, totalitar sistemin unutdurma siyasətinə qarşı duran canlı bir estetik sistem kimi dərk etmişdir. Bu baxımdan onun yaradıcılığında klassik irsə müraciət ənənəyə formal bağlılıqdan deyil, milli poetik təfəkkürün tarixi inkişaf qanunauyğunluqlarını dərindən mənimsəmək və onları müasir dövrün bədii tələbləri ilə uzlaşdırmaq istəyindən irəli gəlir. Klassik Şərq poeziyası əsrlər boyu yalnız yüksək bədii forma yaratmamış, eyni zamanda türk-islam mədəniyyətinin mənəvi-fəlsəfi dünyagörüşünü, insanın mənəvi kamillik idealını, sözün ilahi müqəddəsliyini və sənətkarın cəmiyyət qarşısındakı mənəvi məsuliyyətini formalaşdırmışdır. Əlişir Nəvai, Məhəmməd Füzuli və Zəhirəddin Məhəmməd Babur kimi böyük sənətkarların yaradıcılığı bu poetik sistemin müxtəlif coğrafi və bədii istiqamətlərini təmsil etsə də, onların hamısını daxildən birləşdirən ümumi cəhət insanın mənəvi ucalığına, sözün estetik qüdrətinə və milli-mədəni yaddaşın qorunmasına xidmət edən bədii düşüncə modelidir. Erkin Vahidov klassik irsi öyrənərkən onu yalnız quru bir filoloji maraq obyekti kimi qəbul etməmişdir. Onun poetik dünyagörüşündə klassik irs estetik düşüncənin əsas məktəbi, mənəvi kamilliyin tükənməz mənbəyi və milli özünüdərkin bədii ifadə vasitəsi kimi çıxış edir. Bu səbəbdən şairin klassik sənətkarlarla münasibəti sadə təsir və ya təqlid münasibəti deyil, yaradıcı və intellektual dialoq xarakteri daşıyır. O, klassik poeziyanın ideya-estetik prinsiplərini mənimsəyərək onları XX əsrin mürəkkəb ictimai-mədəni reallıqları fonunda yeni poetik mənalarla zənginləşdirir.
Müasir müqayisəli ədəbiyyatşünaslıq nəzəriyyəsində klassik irsin mənimsənilməsi problemi intertekstuallıq, poetik varislik, mətnlərarası dialoq və yaradıcı transformasiya anlayışları ilə izah olunur. Lakin Erkin Vahidovun bütöv fəaliyyəti göstərir ki, klassik irsə münasibət yalnız səthi mətnlərarası əlaqələrlə və ya qafiyə bənzərlikləri ilə məhdudlaşmır. Burada daha mühüm məsələ klassik poetik düşüncə modelinin müəllif təfəkküründə yeni estetik keyfiyyət qazanmasıdır. Başqa sözlə desək, Erkin Vahidov klassik şairlərin poetik obrazlarını və ya ifadə vasitələrini sadəcə təkrar etmir; onların bədii dünyagörüşünü müasir dövrün milli və bəşəri problemləri ilə əlaqələndirərək sətiraltı qatlarda yenidən mənalandırır. Bu baxımdan Əlişir Nəvai, Məhəmməd Füzuli və Zəhirəddin Məhəmməd Babur Erkin Vahidov yaradıcılığında üç müxtəlif və qüdrətli poetik istiqaməti təmsil edir. Nəvai – türk klassik poeziyasının zəngin dil və poetik təfəkkür məktəbi kimi, Füzuli – sözün fəlsəfəsini və lirizmin ali estetik zirvəsini ifadə edən sənətkar kimi, Babur isə vətən sevgisini, tarixi yaddaşı və insan taleyini poetik ümumiləşdirmə səviyyəsinə yüksəldən mütəfəkkir şair kimi Erkin Vahidovun estetik dünyasının formalaşmasına mühüm təsir göstərmişdir. Bununla belə, şair bu klassik irsi olduğu kimi təkrar etməmiş, onu milli ədəbi inkişafın yeni mərhələsinin bədii-estetik tələblərinə uyğun şəkildə, yeni bir struktur daxilində yenidən qurmuşdur.
Təhlilin ümumi kontekstində xüsusi vurğulanmalıdır ki, müqayisəli-tipoloji baxımdan Erkin Vahidovun klassik irsə bu cür yanaşması Azərbaycan ədəbiyyatında klassik ənənənin yaradıcı davam etdirilməsi prinsipləri ilə də tam daxili bir vəhdət təşkil edir. Azərbaycan poeziyasında klassik irsin müasir interpretasiyası necə milli poetik inkişafın mühüm istiqamətlərindən birini təşkil edirsə, Erkin Vahidov yaradıcılığında da klassik Şərq poetikası yeni estetik məzmun qazanaraq müasir özbək poeziyasının inkişafında aparıcı rol oynayır. Bu xüsusiyyət klassik irsin dəyişməz, donmuş bir estetik norma deyil, hər dövrün bədii təfəkküründə yeni şəkildə yaşayan və inkişaf edən canlı yaradıcı sistem olduğunu bir daha təsdiqləyir.
Beləliklə, Erkin Vahidovun klassik Şərq poeziyasına münasibəti bəsit bir ədəbi təsirlənmə faktı kimi deyil, milli poetik yaddaşın yaradıcı şəkildə davam etdirilməsi prosesi kimi qiymətləndirilməlidir. Şair klassik irsin ideya-estetik potensialını müasir dövrün bədii təfəkkürü ilə üzvi surətdə birləşdirərək yeni poetik sistem yaratmışdır. Məhz bu baxımdan onun yaradıcılığı klassik Şərq poeziyasının XX əsr özbək ədəbiyyatındakı yaradıcı transformasiyasının ən parlaq nümunələrindən biri hesab edilə bilər.
Bu böyük varislik zəncirində türk xalqları ədəbiyyatı tarixində klassik poetik düşüncənin yalnız görkəmli nümayəndəsi deyil, həm də milli ədəbi şüurun formalaşmasında mühüm rol oynayan böyük sənətkar Əlişir Nəvai xüsusi və mərkəzi bir yer tutur. Onun yaradıcılığı türk dilinin zəngin poetik imkanlarını nümayiş etdirilməklə yanaşı, klassik Şərq fəlsəfəsini, humanist dünyagörüşünü və söz sənətinin estetik mahiyyətini tamamilə yeni bir bədii səviyyəyə yüksəltmişdir. Məhz buna görə sonrakı əsrlərdə yetişən türk şairlərinin əksəriyyəti Nəvaini yalnız böyük bir klassik kimi deyil, bütöv bir poetik məktəb yaradan sənətkar kimi qəbul etmişlər. Erkin Vahidov da həmin dahi ənənənin XX əsrdəki ən uğurlu və sadiq davamçılarından biridir. Lakin onun Nəvaiyə münasibəti adi ədəbi təsirlənmə və ya klassik sənətkara duyulan bəsit bir ehtiram hissi ilə məhdudlaşmır. Şair üçün Nəvai ilk növbədə milli poetik yaddaşın, ana dilinin estetik qüdrətinin və mənəvi kamillik ideyasının ali simvoludur. Buna görə də Erkin Vahidov klassik irsə müraciət edərkən yalnız Nəvainin poetik formasını deyil, onun estetik təfəkkür modelini də mənimsəyərək müasir bədii düşüncə ilə üzvi şəkildə birləşdirir. Bu münasibətin mahiyyətini Erkin Vahidov "Söz lətafəti" kitabında Nəvai haqqında yazdığı mülahizələrdə də aydın ifadə edərək vurğulayır ki, Nəvainin yaratdığı hər bir bədii söz bütöv bir millətin mənəvi xəzinəsidir. “Qəzəl sehri” (3, s.130-152) başlığı altında təqdim etdiyi “Şair qəlbinin fəğanı”, “Qara gözüm .. .”, “Etdikcə”, “Dərdindən ağlar idim” və “İnsanın əbədi dərdi” adlı araşdırmalarında Nəvainin poetik ruhunu dindirir və dinləyir. Adlarını qeyd etdiyimiz qəzəlləri beyt-beyt şərh edərək Həzrət Nəvaiyə öz məhəbbətini bildirir. “Ulu Nəvainin hər biri ümumbəşəri məna daşıyan, duyğular aləmini ifadə edən misralarını təkrar-təkrar oxuduqca hər dəfə qəlbimiz coşur, həyəcanla dolur, hər dəfə bu ölməz misraların yeni cizgilərini kəşf etdirik, yeni-yeni mənalar görüb heyrətlənirik. Bu beyt ilə başlayan qəzəl hər özbək evinin daimi qonağıdır. Onu məşhur xanəndələrimiz muğam saatlarında çox təsirli ifa edirlər. Bu qəzəl dünyanın qəm-kədərindən zərdabla dolmuş şair qəlbinin əfqanıdır. İnsanın ürəyi və təfəkkürü həddən artıq sevinc və ya kədəri qəbul edə bilməz. Fəlakətli emosiya seli insanı dəli edər. Şair öz canını məcnunluq, yəni ruhunu dəlilik – çılğınlıq vadisinə meyilli görür, pozulmuş həyatı – dolanışığı onu dəli edib, indi dəliliyi boynuna alıb səhralarda dolaşmaqdan başqa çarəsi yoxdur. Çünki dəlilik məhv olmaqdır, qırılan həyatını birdəfəlik məhv etmək arzusunu belə bir fəryadla dilə gətirir:
Cünun vadisinə mail gördüm cani-zarımı,
İstərəm ki, bir yol pozam pozulan rüzgarımı. (3, s.130).
Şair nəinki nəzəriyyədə, həm də praktikada Nəvai qəzəllərinin poetik strukturunu, daxili obrazlar sistemini və fəlsəfi dərinliyini qoruyaraq onların estetik mahiyyətini müasir dövrün mənəvi problemləri ilə əlaqələndirir, klassik mətni yaşayan bədii-estetik hadisə kimi təqdim edir. Onun Nəvaiyə müraciətlə yazdığı müxəmməs klassik qəzəl formasının yeni dövrün estetik düşüncəsinə uyğun məzmun qazanmasının uğurlu nümunəsidir.
Göz açar gülşəndə qönçə, bülbül əfqan eyləgəc,
Necə əfqan eyləyim, ul gül üzü taban eyləgəc,
Misli aydır kim, bəzək açar seyr-i şəbistan eyləgəc,
Hüsnü artar üzdə zülfün ənbər əfşan eyləgəc,
Şəm rövşən rəq olur tarın pərişan eyləgəc.
Nalə və əfqanın, Erkin, dilbərinə yetmədi,
Yetsə də, ya rəhmsiz yar zərrə pərvat etmədi,
Bitdi çox zəxmin və lakin eşq zəxmi bitmədi,
Ey Nəvai, eşq əgər könlünü məcruh etmədi,
Bəs, nədəndir qan gəlir ağzından, əfqan eyləgəc (4, s.108-109).
Şair burada klassik poetik formaya ciddi şəkildə əməl etsə də, əsərlərin ideya yükünü müasir insanın mənəvi problemləri və azadlıq axtarışları ilə əlaqələndirir. Bu xüsusiyyət göstərir ki, müəllif üçün forma bir məqsəd deyil; forma klassik poetik yaddaşı yaşadan əsas estetik vasitədir.
Erkin Vahidovun Əlişir Nəvainin qəzəlinə bağladığı bu müxəmməs, klassik Şərq poetikasının təzmin və nəzirəçilik ənənəsinin XX əsr özbək poeziyasındakı ən uğurlu transformasiyasıdır. İlk bənddə şair, ustad Nəvainin “hüsnü artar üzdə zulfin anbar afşon aylagach” misrasını öz daxili linqvopoetik strukturuna daxil edərək klassik obrazlar sistemini müasir dövrün bədii təfəkkürü ilə üzvi şəkildə sintez etmişdir. Müxəmməsin xatəmə bəndində isə Erkin Vahidov öz bədii təxəllüsünü Nəvai adı ilə yanaşı işlətməklə klassik irsi mexaniki surətdə təqlid etmədiyini, əksinə, klassik poeziyanın fəlsəfi dərinliyini və eşq fəlsəfəsini daxildən dərk etdiyini sübuta yetirir. Müqayisəli-tipoloji aspektdən yanaşdıqda, özbək şairinin klassik qəzəl formasına gətirdiyi bu bədii-fəlsəfi nəfəs, Azərbaycan ədəbiyyatında Məhəmməd Füzuli irsinə nəzirələr yazan Bəxtiyar Vahabzadənin klassik varislik konsepsiyası ilə tamamilə eyni nəzəri platformada birləşir. Hər iki ədəbi mühitdə klassik irs keçmişə bağlılığın rəmzi deyil, milli poetik düşüncənin davamlı inkişafını təmin edən alternativ estetik mənbə kimi qəbul edilir. Bu baxımdan Nəvai ilə Erkin Vahidov arasında müşahidə olunan poetik əlaqə yalnız sadə bir müəllim-davamçı münasibəti deyil, müxtəlif tarixi dövrlərdə eyni estetik idealın yeni bədii məzmun qazanmasının təzahürü kimi qiymətləndirilməlidir.
“Nəvai yaradıcılığı elə sonsuz duyğular aləmidir ki, onda insan hisslərinin bütün çalarlarını tapmaq olar. Sevgi, həsrət, qısqanclıq, ümid, ayrılıq ağrısı, xoşbəxtlik, vətənpərvərlik, sədaqət, mərdlik... bu siyahını sonsuza qədər davam etdirmək olar. Mənim təsəvvürümdə insan psixikasının elə bir vəziyyəti yoxdur ki, Nəvaidə onun ifadəsi üçün bir beyt tapılmasın. “Xəzainul-məani” təkcə mənalar xəzinəsi deyil, həm də insani hisslər məcmusu, sonsuz duyğular dünyasıdır.Həzrətin qəzəllərindən biri “Ваx ki, ömrüm necə zay oldu el qəmi ilə”, – deyə başlayır. Nə qədər böyük iztirab var bu sözlərdə. Təkcə şairin yox, bütün bəşəriyyətin, bütün zamanların və məkanların dərdi var. Kam – istək, xahiş deməkdir. Müstəqil olmaq öz iradəsinə uyğun yaşamaq, yəni azad olmaqdır. Şair təəssüflənir ki, mən öz istəyimə uyğun yaşamamışam, başqalarının fikrindən asılı olaraq, adamlar nə deyər, - deyə əndişə etmişəm. Demək istəyirəm ki, heç zaman ixtiyarım özümdə olmadı. Ona görə də içim qanlı yaşlarla dolu oldu. Həyatım zay olub getdi. Bu, təkcə XV əsrin deyil, həm də yaşadığımız dövrün azadlıq əzabıdır. Böyük şəxsiyyəti, geniş biliyi və dünyagörüşü ilə dövrünün dar qəliblərinə sığmayan Nəvai fəryad edir:
Kimsə yüz il iqtidar olsa, bil ki, dəyməz.
Zaman ola bir an olmağa birinin kamı ilə.
İradə azadlığının olmaması o qədər ağrılı bir vəziyyətdir ki, əgər yüz il öz iradənin azadlığı ilə yaşayırsansa, bu yüzillik baxtının bir anlıq iradənin olmamasına dəyməz. Bir dəqiqəlik laqeydlik belə ağır cəzadır. Həyat ağır işdir. Ömrə tutunmaq zəhmət tələb edir. Kiminsə kamınədir? Bu, başqasının arzusu, istəyi, xahişi, iradəsi, icazəsi, rəyi deməkdir” (3, s.148-149).
Beləliklə, Əlişir Nəvai Erkin Vahidov üçün yalnız klassik söz ustadı deyil, milli poetik təfəkkürün mənəvi dayağı və estetik məktəbidir. Erkin Vahidov bu məktəbin əsas prinsiplərini qorumaqla kifayətlənməmiş, onları müasir özbək ədəbiyyatının ideya-estetik tələblərinə uyğun şəkildə inkişaf etdirmişdir. Məhz buna görə onun yaradıcılığı klassik Şərq poetikasının müasir dövrdə yaradıcı davamı kimi dəyərləndirilməlidir.
Bu böyük klassik silsilənin növbəti fundamental xəttini isə türk-islam mədəniyyətinin ən böyük söz ustalarından biri olan Məhəmməd Füzuli irsi təşkil edir. Füzuli yalnız Azərbaycan ədəbiyyatının deyil, ümumilikdə Şərq poetik fikrinin zirvə şəxsiyyətlərindən biridir və onun yaradıcılığı klassik lirikanın bədii-estetik imkanlarını yeni mərhələyə yüksəltmiş, sözün fəlsəfi mahiyyətini, insanın mənəvi aləmini və eşqin irfani məzmununu yüksək poetik kamilliklə ifadə etmişdir. Buna görə də Füzuli əsrlər boyu yalnız klassik şair kimi deyil, bütöv bir poetik təfəkkür məktəbi yaradan sənətkar kimi qəbul edilmişdir. Erkin Vahidovun klassik irsə münasibətində də Füzuli tamamilə xüsusi və strateji bir yer tutur. Şair Füzulini yalnız böyük qəzəl ustası kimi qiymətləndirmir; onu söz sənətinin estetik zirvəsi, mənəvi kamilliyin ifadəçisi və ümumtürk poetik təfəkkürünün ən qüdrətli nümayəndələrindən biri hesab edir. Bu münasibət Erkin Vahidovun həm poetik yaradıcılığında, həm də ədəbi-estetik düşüncələrində ardıcıl şəkildə özünü göstərir. Onun Füzuliyə həsr etdiyi şeirlər, klassik qəzəllərə yazdığı nəzirələr və xüsusilə "Söz lətafəti" kitabında yer alan mülahizələr göstərir ki, Füzuli irsi müəllif üçün yalnız ədəbi nümunə deyil, estetik düşüncə məktəbidir. "Söz lətafəti"ndə Füzulinin sözün qüdrətinə dair irəli sürdüyü bədii fəlsəfəni təhlil edən Erkin Vahidov şairin daxili estetik mahiyyətinə yönəlir, onun əsas dəyərini insan ruhunun dərinliklərini ifadə etmək qüdrətində görür.
Erkin Vahidovun “Füzuli qəzəlinə müxəmməs” adlı əsəri, klassik Şərq poeziyasının ənənələrinə sadiq qalaraq, Azərbaycan ədəbiyyatının böyük siması Məhəmməd Füzulinin üslubuna hörmət və onun irsinə bağlılığın nümunəsidir. Müxəmməs formasında yazılmış bu əsər həm Füzuli poeziyasının təsirini, həm də müəllifin öz daxili hisslərini ifadə edir. Əsərdə əsas mövzu sevgi, eşqin dərin mənəvi aləmi və aşiqin iztirablarıdır. Vahidov, Füzulinin sevgidə əzab və kədər anlayışını öz yaradıcılığı ilə birləşdirərək, fərdi düşüncələrini ifadə edir. Bu misralar sevgidə sədaqət və mənəvi mübarizə mövzusunu vurğulayır: Füzulidə:
Əql yar olsaydı, tərki-eşqi-yar etməzmidim?
İxtiyar olsaydı, rahət ixtiyar etməzmidim?
Ləhzə-ləhzə surətin görsəydim ol şirin ləbin,
Sən kimi, ey Bisütun, mən həmqərar etməzmidim?
Nişə məhrəm eylədin şəmi, məni məhrum edib,
Mən sənin bəzmində can nəqdin nisar etməzmidim?
... Ol güli-xəndanı görmək mümkün olsaydı mənə,
Sən tək, ey bülbül, gülüstanə güzar etməzmidim?
Ey Füzuli, daği-hicran ilə yanmış könlümü,
Laləzar açsaydı, seyri-laləzar etməzmidim? (1, s.359)
Bu qəzəlin əsas mövzusu ağıl və iradə məsələsidir. Şair deyir ki, əgər ağıl onun dostu olsaydı və sevgi üzərində üstünlük qazana bilsəydi, sevgilini tərk edərdi. Amma eşq o qədər güclüdür ki, ağıl ona qalib gələ bilmir. Eyni zamanda, əgər ixtiyarı olsaydı, narahat-lıq və iztirabdan uzaqlaşıb rahatlığı seçərdi. Bu, eşqin insana verdiyi iztirablarla bağlıdır və şairin iradəsinin bu iztirablar qarşısında zəif olduğunu göstərir. Erkin Vahidovda:
Ölməsəm zar anğa, tərk-i ahü zar etməzmiydim,
İşq karından keçib bir özgə kar etməzmiydim,
Gər cünun yar olmasa halimdən ar etməzmiydim,
Ağıl yar olsaydı, tərk-i işqi yar etməzmiydim.
İxtiyar olsaydı, rahat ixtiyar etməzmiydim (4, s.243).
Bu bənddə şair, sevginin insanı dərindən sarsıdan və həyatının hər bir sahəsini dəyişdirən təsirindən bəhs edir. Sevgi insanı yalnız ağrılara düçar etməklə qalmır, eyni zamanda onu məntiqi düşüncələrdən də uzaqlaşdırır. Şair burada ağıl ilə eşq arasında seçim dilemmasını vurğulayır. Əgər ağıl üstün olsaydı, o, eşqi tərk edə bilərdi. Lakin sevginin gücü insan iradəsini, ixtiyarını belə zəiflədir. Bu bənd sevginin insan iradəsinə qalib gəldiyini göstərir.
Məhəmməd Füzuli poeziyasının fəlsəfi zirvələrindən olan bu qəzəldə "əql" və "ixtiyar" kateqoriyaları ilə "eşq" və "fədakarlıq" arasındakı ontoloji ziddiyyət yüksək bədii tutumla ifadə olunmuşdur. Erkin Vahidov özünün klassik Şərq poeziyasına həsr olunmuş nəzəri mülahizələrində və bilavasitə bədii yaradıcılığında Füzuli lirizminin məhz bu çoxqatlı semantik arxitekturasına əsaslanaraq həmin əsərə eyni vəzn və qafiyə sistemində mükəmməl nəzirə-müxəmməs bağlamışdır.
Özbək sənətkarı fərdi duyğuların fövqünə yüksələrək Füzulinin "Ey Füzuli, daği-hicran ilə yanmış könlümü, laləzar açsaydı, seyri-laləzar etməzmidim?" (1, s.357) misralarında ehtiva olunan mənəvi yanıqlıq fəlsəfəsini daxildən mənimsəmiş, fərdi hicran mütənasib-liyini XX əsrin totalitar sıxıntıları fonunda millətin daxili müqavimət və azadlıq idealı kimi yenidən mənalandırmışdır. Müqayisəli-tipoloji aspektdən yanaşdıqda, Füzuli qəzəllərinin Erkin Vahidovun poetik sistemində "təzmin" və intertekstual transformasiya yolu ilə yenidən yaşaması, ümumtürk ədəbi təfəkkürünün vahid təkamül dinamikasını və klassik irsin müasir humanist poeziya ilə sarsılmaz varislik vəhdətini qəti olaraq sübuda yetirir. Bu sənətkar dialoqu, Azərbaycan ədəbiyyatında klassik poeziyanın modern interpretasiyasını verən Bəxtiyar Vahabzadə və Xəlil Rza Ulutürk məktəbinin nəzəri prinsipləri ilə tamamilə eyni komparativistik platformada birləşir.
Canı kim cananı üçün sevsə, cananın sevər,
Canı üçün kim ki, cananın sevər, canın sevər.
Mən ki, canımı sevərəm cananımın canı üçün,
Canı-cananım mənim cananım olsun, can sevər.
Eşq paki-rütbəsidir, ariqü-vəcd əhlinə,
Kim ki, bu pak-rütbədən qaçsa, o, öz canın sevər.
Hər kəs öz zövqü-səfası, daxili bəzmi üçün,
Yardan bir lütf umar, amma ürək yarın sevər.
Ey Füzuli, yardan can nəqdini etmə davi,
Hər kimin qəlbində canan varsa, cananın sevər. (1, s.290)
Məhəmməd Füzulinin bu qəzəlində can və canan rəmzləri vasitəsilə bədii ifadəsini tapan “bəşəri eşqdən irfani-təsəvvüfi idraka yüksəlmə” fəlsəfəsi, Erkin Vahidovun “Füzulinin heykəli önündə” şeirində və 'Söz lətafəti' traktatındakı estetik düşüncələrində modern bir məna qazanmışdır. Füzuli lirikasında canın yalnız canan (İlahi varlıq) naminə sevilməsi və sənətkarın subyektiv duyğularını ümumbəşəri etik kateqoriyaya çevirməsi, özbək şairinin poetik təfəkküründə sözün ictimai-mənəvi məsuliyyəti konsepsiyası ilə üzvi şəkildə uzlaşır. Erkin Vahidov klassik şairin bu irfani dünyagörüşünü XX əsrin totalitar sıxıntıları fonunda yenidən interpretasiya edərək, fərdi hisslərin fövqündə dayanan milli özünüdərk və daxili azadlıq axtarışlarının bədii modelini formalaşdırmışdır. Beləliklə, Füzuli poeziyasındakı “can nəqdini fəda etmək” ideyası, özbək sənətkarının estetik konsepsiyasında sənətkarın xalqın mənəvi ucalığı və tarixi yaddaşının qorunması yolunda öz yaradıcılıq qəlbinini qurban verməsi fəlsəfəsinin sarsılmaz nəzəri-bədii bünövrəsini təşkil edir. O, klassik irsi müasir oxucuya təqdim edərkən Füzulinin poetik dünyasında insanın daxili azadlığını, vicdanını, eşq fəlsəfəsini və kamillik idealını ön plana çəkir. Şair Füzuli qəzəllərinə yazdığı nəzirələrdə klassik poetik forma və üslub xüsusiyyətlərini qorumaqla kifayətlənmir, həmin poetik modelə müasir dövrün fəlsəfi və mənəvi problemlərini daxil edir. Bunun nəticəsində klassik qəzəl yalnız tarixi ədəbi forma kimi deyil, müasir insanın daxili aləmini ifadə edən canlı estetik sistem kimi yenidən fəaliyyət göstərir. Bu isə Erkin Vahidovun klassik irsi yaradıcı şəkildə mənimsədiyini və onu yeni bədii məzmunla zənginləşdirdiyini göstərən mühüm göstəricidir. Şairin məşhur "Füzulinin heykəli önündə" (2, s.315-316) adlı şeiri də bu baxımdan xüsusi əhəmiyyət daşıyır.
Yellər, nəfəs dərin bir an əsməkdən,
Nəğməli bülbüllər, siz də edin yad.
Kərbəla çölündə tənha gəzməkdən
Yorulub, dincəlir Füzuli ustad.
Dəniz dalğalanma, gəl, uğuldama,
Şair ilhamına vermə, sən xələl.
Ustad ürəyində şeir doğulmaqda,
Dünyaya gəlməkdə munis bir qəzəl:
“Səba, əğyardan pünhan qəmim dildara izhar et,
Xəbərsiz yarıma hali-xərabından xəbərdar et,
Könül, qəm gnülərin tənha keçirmə, istə bir həmdəm,
Əcəl xabından əfqanlar çəkib Məcnunu bidar et” (2, s.315).
Bu monumental əsərdə Füzuli sadə bir tarixi şəxsiyyət kimi deyil, zamanın fövqündə duran mənəvi müəllim və sözün əbədiyyətini təcəssüm etdirən sənətkar kimi təqdim olunur.
Müəllif Füzuli şəxsiyyətinə müraciət etməklə klassik poeziyanın müasir dövrdə də mənəvi istiqamətverici gücünü göstərir. Burada klassik irs keçmişin xatirəsi deyil, bu günün estetik düşüncəsini formalaşdıran canlı yaradıcı qüvvə kimi dərk edilir. Bu baxımdan Erkin Vahidovun Füzuli haqqında düşüncələri Azərbaycan ədəbiyyatşünaslığında formalaşmış elmi yanaşmalarla da tamamilə səsləşir. Azərbaycan füzulişünaslığında Füzuli irsi söz sənətinin yüksək estetik nümunəsi olmaqla yanaşı, insanın mənəvi kamilliyini, vicdan azadlığını və bəşəri dəyərləri ifadə edən poetik sistem kimi qiymətləndirilir. Erkin Vahidovun klassik şairə münasibətində də məhz bu estetik prinsiplər ön plana çıxır. Bu oxşarlıq bir daha göstərir ki, Füzuli irsi yalnız bir milli ədəbiyyatın sərvəti deyil, ümumtürk mədəniyyətinin ortaq estetik yaddaşıdır. Müqayisəli-tipoloji baxımdan Erkin Vahidov ilə Füzuli arasında müşahidə olunan yaxınlıq birbaşa poetik təsirdən daha geniş məna daşıyır. Hər iki sənətkar üçün söz insanın mənəvi aləmini formalaşdıran estetik qüvvə, şair isə cəmiyyət qarşısında yüksək mənəvi məsuliyyət daşıyan şəxsiyyət kimi çıxış edir. Onların poeziyasında lirizm fərdi hisslərin sadə ifadəsi deyil, insanın daxili kamilliyinə aparan mənəvi idrak yoludur. Bu ümumi estetik prinsip Erkin Vahidovun Füzuli poetikasını yaradıcı şəkildə davam etdirən və klassik Azərbaycan poeziyası ilə müasir özbək ədəbiyyatı arasında möhkəm estetik körpü yaradan mühüm ədəbi hadisə kimi qiymətləndirilməlidir.
Klassik irsin digər bir qüdrətli qolunu isə Türk-Şərq ədəbi fikrinin görkəmli nümayəndələrindən biri olan Zəhirəddin Məhəmməd Babur və Azərbaycan Səfəvi dövlətinin banisi, böyük şair Şah İsmayıl Xətai xətti təşkil edir. Babur klassik poeziyada yalnız qüdrətli şair kimi deyil, həm də tarixi taleyi, vətən həsrəti və insanın mənəvi dünyasını poetik ümumiləşdirmə səviyyəsində yüksəldən mütəfəkkir sənətkar kimi tanınır. Onun yaradıcılığında vətən sevgisi, doğma torpaqdan ayrılıq, tarixi yaddaş və insanın daxili mənəvi sarsıntıları bir-biri ilə vəhdətdə təqdim olunur. Məhz bu xüsusiyyət Babur poeziyasını yalnız klassik lirikanın deyil, milli yaddaş poetikasının da mühüm nümunələrindən birinə çevirmişdir. Erkin Vahidov klassik Şərq irsinə müraciət edərkən Babur şəxsiyyətinə də xüsusi ehtiramla yanaşmışdır. Lakin onun Babura münasibəti tarixi şəxsiyyətə verilən adi bir qiymətlə məhdudlaşmır. Şair Babur irsində xalqın taleyini, vətən anlayışını, insanın mənəvi bütövlüyünü və tarixi məsuliyyət hissini ifadə edən estetik dəyərləri ön plana çıxarır. Buna görə də Erkin Vahidov üçün Babur ilk növbədə milli yaddaşın və mənəvi iradənin poetik simvoludur. Babur özünün məşhur rübaisində –
Tolé yo‘qi jonimg‘a balolig‘ bo‘ldi,
Har ishniki ayladim, xatolig‘ bo‘ldi.
O‘z yerni qo‘yub Hind sori yuzlandim,
Yo Rab, netayin, ne yuz qarolig‘ bo‘ldi. (3, s.161)
Taleyin yükü canıma bəlalı oldu,
Hər işi ki eylədimsə – xətalı oldu.
Öz yurdumu qoyub, hində sarı üz aldım,
Ya Rəbb, neyləyim, bu nə üzqaralıq oldu.
deyərək doğma yurddan uzaqda yaşamaq məcburiyyətinin şairin yaradıcılığında doğurduğu dərin həsrəti, daxili tənhalığı və tarixi məsuliyyət hissini bəyan edirdi. Bu motivlər Erkin Vahidovun poetik dünyagörüşündə də yeni estetik məna qazanır; onun əsərlərində vətən yalnız coğrafi məkan deyil, milli yaddaşın, ana dilinin, tarixi irsin və mənəvi kimliyin ifadəsinə çevrilir. Şair Baburun taleyində yalnız tarixi şəxsiyyətin faciəsini deyil, bütövlükdə insanın doğma torpaq qarşısında mənəvi məsuliyyətini görür; bu baxımdan Babur obrazı Erkin Vahidov yaradıcılığında keçmişin qəhrəmanı kimi deyil, bütün dövrlər üçün aktual olan mənəvi ideal kimi təqdim edilir.
Elmi-metodoloji təhlillərimizə görə, Əndican torpağının böyük övladı Zəhirəddin Məhəmməd Babur poeziyasının ideya-estetik bünövrəsini başdan-başa ayrılıq və vətən həsrətinin dialektik vəhdəti təşkil edir. Şairin lirikasında bədii ifadəsini tapan "Xəzan yarpağı" ("Xazon yaprog‘i...") (3, s.158-163) metaforası, sadəcə təbii bir payız mənzərəsi olmayıb, öz ana ağacından, doğma torpağından qoparılaraq qürbətin ixtiyarına buraxılan sənətkar ömrünün fəlsəfi-ekzistensial rəmzidir. Mən monoqrafiyamda xüsusi olaraq əsaslandırılır ki, minillik klassik Şərq poeziyası ənənəsində gözəllik, vəfasızlıq və rəhmsizlik simvolu olan "yar" anlayışı, Baburun qürbət poeziyasında birbaşa uzaqdakı doğma və əlçatmaz Fərqanə vadisinin poetik arxetipi kimi çıxış edir. Şairin payız bağında yaz libasına bürünmüş məğrur sərvin ayaqları altına düşən xəzan yarpağının titrəməsində öz taleyini görməsi, onun Uca Yaradana olan qurtuluş yalvarışlarının linqvopoetik əks-sədasıdır. Babur Şərq astrologiyasına istinadən qələmə aldığı "Nə taledir mənə kim, əxtəri-bəxtim tapılmadı..." beytində fələk dəftərini axtarsa da öz uğurlu ulduzunu tapa bilməyən, talesiz bir hökmdarın daxili sarsıntılarını yüksək bədii səviyyəyə qaldırır. Bu çərçivədə, Hindistanın mütərəqqi dövlət xadimi Cəvahirliəl Nehrunun "Dünya tarixinə baxış" əsərində qeyd etdiyi "Babur istiqlal Hindistanının əsasını qoyan ən mədəni adam idi, lakin o, həmişə doğma Orta Asiyası üçün darıxırdı" tezisi, şairin yaradıcılıq dünyasındakı mənəvi vətəndaşlıq borcunu tam şəkildə təsdiqləyir. Beləliklə, Baburun fərdi taleyindən doğan bu acı fəryad, Azərbaycan ədəbiyyatşünaslığı kontekstində aparılan tədqiqatda ümumtürk poeziyasının ortaq mədəni yaddaş kodu və sarsılmaz estetik müqavimət modeli kimi nəzəri cəhətdən dəyərləndirilir.
Baburun vətən həsrətini ifadə edən poetik nümunələrə müraciət edən Erkin Vahidov klassik lirikanın emosional dərinliyini qorumaqla yanaşı, onu XX əsr insanının milli özünüdərk problemləri ilə üzvi şəkildə birləşdirir. Beləliklə, klassik poeziyada fərdi taleyin ifadəsi kimi görünən hisslər müasir dövrdə xalqın tarixi yaddaşı və milli kimliyi haqqında geniş bədii-fəlsəfi ümumiləşdirməyə çevrilir. Müqayisəli-tipoloji baxımdan Babur ilə Erkin Vahidov arasında müşahidə olunan estetik yaxınlıq yalnız vətən mövzusu ilə məhdudlaşmır; hər iki sənətkar üçün tarix keçmiş hadisələrin xronologiyası deyil, xalqın mənəvi yaddaşını yaşadan əsas dəyərdir. Onların poeziyasında insanın taleyi milli taledən ayrılmır, fərdi hisslər ümummilli düşüncənin tərkib hissəsinə çevrilir. Babur yaradıcılığında müşahidə olunan lirizm və tarixilik Erkin Vahidov poeziyasında yeni məzmun qazanır; klassik şair üçün doğma yurd həsrəti fərdi həyatın faciəsi kimi səslənirsə, Erkin Vahidov bu motivi bütöv xalqın milli-mənəvi bütövlüyünün qorunması ideyası ilə əlaqələndirir. Azərbaycan ədəbiyyatı, xüsusilə Şah İsmayıl Xətai irsi ilə müqayisədə də bu tipoloji yaxınlıq diqqəti cəlb edir. Xətainin dövlətçilik və ana dili fəlsəfəsi ilə bağlı irəli sürdüyü bədii prinsiplər, vətən, torpaq və tarixi yaddaş motivləri necə milli-mənəvi bütövlüyün əsas estetik dəyərlərindən biri kimi təqdim olunursa, Erkin Vahidov da Babur irsinə müraciət etməklə həmin ideyaları özbək milli düşüncəsinin bədii sistemi daxilində yeni şəkildə inkişaf etdirir. Bu baxımdan klassik irs müxtəlif milli ədəbiyyatlarda eyni mənəvi-estetik prinsiplərin fərqli tarixi şəraitdə yenidən təzahürü kimi çıxış edir.
Beləliklə, aparılmış müqayisəli-tipoloji təhlillər göstərir ki, Erkin Vahidovun ədəbi-estetik konsepsiyası Azərbaycan ədəbi fikri ilə ortaq ümumtürk mədəni kodu əsasında formalaşmışdır. Bu ortaq kod dilə münasibətdə, milli kimliyin dərkində, vətən anlayışının poetik təfsirində, tarixi yaddaşın qiymətləndirilməsində və sənətkar məsuliyyətinin müəyyənləşdirilməsində özünü aydın şəkildə göstərir. Bununla yanaşı, hər bir müəllif həmin ümumi estetik modeli öz milli ədəbi mühitinin xüsusiyyətlərinə uyğun şəkildə fərdiləşdirmiş və orijinal bədii konsepsiya yaratmışdır. Dissertasiya çərçivəsində aparılmış təhlillər sübut edir ki, Erkin Vahidov yaradıcılığının Azərbaycan ədəbiyyatşünaslığı kontekstində öyrənilməsi yalnız iki ədəbiyyat arasında oxşarlıqların müəyyənləşdirilməsi ilə məhdudlaşmır; bu yanaşma Azərbaycan-Özbək ədəbi əlaqələrinin müqayisəli-tipoloji istiqamətinin elmi-metodoloji imkanlarını genişləndirir, ümumtürk estetik təfəkkürünün inkişaf qanunauyğunluqlarını yeni nəzəri müstəvidə öyrənməyə şərait yaradır.
Yekun olaraq vurğulamaq lazımdır ki, klassik Şərq poetikasının Əlişir Nəvai, Məhəmməd Füzuli və Zəhirəddin Məhəmməd Babur kimi görkəmli nümayəndələrinin yaradıcılığı Erkin Vahidovun bədii-estetik dünyagörüşünün formalaşmasında həlledici rol oynamışdır. Lakin şair bu klassik sənətkarların poetik irsini sadəcə davam etdirməmiş, onu müasir dövrün ictimai-mədəni reallıqları fonunda yenidən mənalandırmışdır. Nəvai yaradıcılığında sözün estetik kamilliyi və milli dil ideyası, Füzuli poeziyasında lirizmin fəlsəfi dərinliyi və sözün mənəvi məsuliyyəti, Babur lirikasında isə vətən, tarix və milli yaddaş konsepsiyası Erkin Vahidovun poetik təfəkküründə yeni ideya-estetik məzmun qazanaraq müasir özbək ədəbiyyatının inkişaf istiqamətlərini müəyyən edən mühüm amillərdən birinə çevrilmişdir. Bu baxımdan Erkin Vahidov klassik irsin passiv davamçısı deyil, onun yaradıcı və modern interpretatoru, bu böyük irsi XX əsr özbək poeziyasında yeni estetik keyfiyyət mərhələsinə yüksəldən qüdrətli söz ustasıdır.
ƏDƏBİYYAT
Füzuli, M. (2004). Fələklər yandı ahımdən. Bakı, “Çaşıoğlu”, 600 s.
Vahidov, E. (2020). Füzulinin heykəli önündə // AMEA-nın “Müqayisəli ədəbiyyatşünaslıq” jurnalı, №1. səh.315
Vahidov, E. (2024). Söz lətafəti. Özbəkcədən uyğunlaşdıran və ön söz müəllifi: A.Ü.Binnətova. komputer işi A.Süleymanlı). – Bakı: Elm və Təhsil, 166 s.
Vohidov, E. (2000). Saylanma. I jild: Ishq savdosi (She'rlar va dostonlar) (I. G‘afurov, So‘zboshi muallifi). Toshkent: Sharq. Ziyouz elektron kutubxonası.
Şərhlər (0)
Şərh yazın
Oxşar Yazılar
İncələmə“Ruh adam"ı yenidən yazsaydım...
Hilal Acar Uyanmaz yazır... (Türkiyə) Bəzi kitablar oxunub rəfə qaldırılmır, başucunuzda yer alır. Onların son səhifəsini bitirsəniz belə, sizinlə…

