bazar ertəsi, 16 noyabr 2026
İncələmə

“Ruh adam"ı yenidən yazsaydım...

Hilal Acar Uyanmaz yazır...
(Türkiyə)
Bəzi kitablar oxunub rəfə qaldırılmır, başucunuzda yer alır. Onların son səhifəsini bitirsəniz belə, sizinlə yaşamağa davam etdikləri görünür. Bəzən bir cümləsi daxilinizdə zühur edir, bəzənsə illər boyu ardınca qaçdığınız, lakin cavabını tapa bilmədiyiniz bir sualı yenidən qarşınıza çıxarır. "Ruh Adam" da mənim üçün məhz belə bir əsərdir. Hüseyin Nihal Atsız elə sətirlərə imza atmışdır ki, onu sadəcə "bir əsgərin gənc qıza olan eşqi" kimi qiymətləndirmək qeyri-mümkündür. Əsərdə bir insanın bütün həyatını həsr etdiyi ülküsünə (məfkurəsinə) xəyanəti təsvir olunur. "Ruh Adam" Yüzbaşı Selim Pusatdır. Onun üçün hərbçilik sadəcə peşə deyil, həyatının mənası və əxlaqi ölçüsüdür. Uniformaları onun yalnız geyimi deyil, həm də dəyər sistemidir. Hər şey onun hərbi xidmətdən uzaqlaşdırılması ilə başlayır. Selim Pusatın hərbçilik, sədaqət, ülkü, vəzifə, şərəf və eşq arasındakı sıxışmışlığı və daxili ziddiyyəti o qədər təsirli şəkildə göz önünə sərilir ki, cəmiyyətdən getdikcə uzaqlaşan və öz ülküsünün əsirinə çevrilən bu xarakteri bağrınıza basmaq istəyirsiniz. Onun intizamı və keçmişə bağlılığı həm gücü, həm də zəifliyidir. Bəli, hərbçilik onun yeganə və ən böyük idealı olduğundan o güclüdür, lakin həyatda hərbçilikdən başqa tutunacaq heç bir dalı olmadığı üçün uniforması əlindən alındıqda kimliyi paramparça olur.
İdealını itirdikcə hər gün bir az da özünü itirir. Selim Pusatın hekayəsindəki hər bir personaj eyni zamanda bir simvoldur.
Şərəf – vicdan mexanizmidir. O, Selim Pusatın qarşısına təkrar-təkrar çıxır və hər dəfə "Sən kimsən və nəyə and içmisən?" deyə hayqırır. "Ölü" olmasına baxmayaraq, dostunun qarşısına çıxmağa davam edən bu şərəfli əsgər Selim Pusatın vicdanını, ülküsünü və keçmişə bağlılığını əks etdirir.
Güntülü isə Selimdə mövcud olan bütün əxlaqi sistemi alt-üst edəndir. Romada Selimin Güntülüye aşiq olması onun həyatındakı hiyerarşini darmadağın edir. Şərəf, hərbçilik, sədaqət, "ülkü" və vəzifə anlayışlarından ibarət olan həyatının tam mərkəzinə Güntülü bir bomba kimi düşür. Pusatın bununla başa çıxacaq psixologiyası varmı? Xeyr. O, həyatındakı dəyərlərlə Güntülünü daim qarşı-qarşıya qoyur, Güntülüye harada yer verəcəyini əsla bilmir. "Sevginin nədəni olmaz ki, əfəndim", – deyir Güntülü. Pusat üçünsə bu eşq ağır bir sınaqdır. İlahi məhkəməyə gəldikdə isə, Selim Pusat burada öz vicdanı ilə deyil, tarixdə yaşamış türk böyükləri ilə üzləşir. Selim Pusat bu məhkəmədə mühakimə olunur: Eşqini idealından üstün tutan bu əsgərə "Sən ölkənə sadiq qaldınmı?" deyərək suallar ünvanlayırlar.
Bəs bütün bu simvolların, ziddiyyətlərin və zaman anlayışının içində vaxtı "keçmiş, indiki və gələcək" olaraq bölməyən, ruhu zamandan ayıran Atsız: "Həqiqətənmi baş verir, yoxsa hər şey Selim Pusatın zəhnindəmi dövr edir?" sualını verdirərkən, burada şüurlu bir seçimin olduğunu iddia edə bilərikmi? Bəzi akademik araşdırmalar gerçəklik ilə metafizika arasındakı sərhədin qəsdən bulanıqlaşdırıldığını qeyd edir. "Yek" isə əsərin əks-qüvvəsidir. Yüzbaşı Selim Pusatın qarşısına müxtəlif formalarda çıxa bilən və onun ruhi sıxıntılarını daha da dərinləşdirən bu şeytani obraz şər simvolizə edir. Tablo tədricən formalaşdıqdan sonra əsərin əsas qadın obrazı olan Ayşə Pusatın üzərinə nəzər salaq. Onun romandakı rolu göründüyündən qat-qat artıqdır. Ruhi ziddiyyət, vicdan, hərbçilik, eşq və keçmişlə yanaşı, Ayşə həyatda qalmağa çalışan bir xarakterdir. Selimi də həyata bağlamağa çalışan bu qadının varlığı, mənim fikrimcə, Güntülünün təmsil etdiyi eşqdən daha böyük əhəmiyyət daşıyır. Bu gün bir qadın yazardır ki, "Ruh Adam"ı yenidən yazsaydım, Selim Pusatın keçmişdən, zamandan və bədəndən ayrı, yaşadığı dövrlə uyğunlaşmayan, küskün bir adam olduğunu nəzərdən qaçırmadan məsələyə fərqli bir pəncərədən yanaşardım. Hadisələrə Ayşənin pəncərəsindən də baxardım. Selimin hərbçilikdən uzaqlaşdırılaraq dar bir kimlik böhranı yaşamasını yenidən qurardım. Selimin ruhuna deyil, onun ətrafındakı susdurulmuş ruhlara nəzər salardım. Bəli, əsərdə Selimin daxili aləmi kifayət qədər dərinliklə işlənmişdir; lakin Ayşənin, Güntülünün və digər qadınların daxili aləmlərini Selimin ətrafında formalaşdırmaz, Güntülünün də eşqinə səs verərdim. Güntülü Selimin əlçatmaz arzusu olmaqdan əlavə, keçmişi də izah olunan bir xarakterə çevrilərdi. Onun qorxularını, xəyallarını, qəzəblərini eşidərdim. Oxucu Selimin Güntülünü gördüyü prizmadan deyil, həm də Güntülünün öz dilindən məlumat alardı. Ayşəyə gəldikdə isə, onu bədbəxt bir qadın olmaqdan çıxarardım. Ayşə Pusatı sadəcə gözləyən, səbir edən, anlayan və bütün küskünlüklərinə baxmayaraq ayaqda durmağa çalışan bir qadın kimi qələmə almazdım. Ayşənin də daxili səsi olmalıdır. Səbir etməyin mübarizəsini, yuxusuz qaldığı gecələri, Selim ondan uzaqlaşanda hiss etdiklərini, bir həyat yoldaşı olaraq sevginin harada başlayıb harada bitdiyini və Selimi xilas etməyə çalışarkən əslində Selimdən xilas olması lazım olduğunu fərq etdiyi o anı onun dili ilə oxucuya çatdırardım.
Ona: "Sənin ruhunun ağrılarını dindirməyə çalışarkən mənim yaralarımı kim saracaq?" sualını verdirərdim. Buna baxmayaraq, Selimi "mənfi" obraz elan etməzdim. Eşqin onun qurduğu bütün nizamı necə sarstığını və bunun bir ziddiyyətə çevrilməsini təsvir edərdim. Selimi yenə də tək qoymazdım. Şərəf yenə çərçivədən ona baxardı. Yek yenə də olardı. Keçmiş yenə də onun qapısını döyərdi. Ruhlar, zaman və insanlar bir-birinə qarışmağa davam edərdi. Yalnız əvvəlcədən Yek-in istiqamətini dəyişərdim. O, təkcə Selimin deyil, həm də qadınların qarşısına çıxardı. Ayşənin qarşısına da dikilərdi, Güntülünün də. "Daha nə qədər fədakarlıq edəcəksən?" deyə soruşardı. "Nə qədər gözləyəcəksən?" derdi. Bax, Yek məhz o zaman əsl vəzifəsini yerinə yetirmiş olardı. Bəli, "Ruh Adam"ı mən yenidən yazsaydım, o ilahi məhkəmə yenə qurulardı. Lakin orada təkcə Selim mühakimə olunmazdı. Ayşə də orada olar və Güntülü də. Hamısı söz alardı. Və Selim bəlkə də ilk dəfə öz acısının yer üzündəki yeganə acı olmadığını anlardı. Mənim "Ruh Adam"ımda Güntülü Selimin çatmağa çalışdığı həyatın astanasında dayanar və ona yol verməzdi.
Əlbəttə ki, qadınlar yenə də sevər, darıxar, fədakarlıq edər və səbir göstərərdilər. Səhvə yol verər, hətta ən yanlış insanları sevərdilər, lakin sadəcə dayanaraq gözləməzdilər. Öz yollarından sapmaz, öz ruhlarının məsuliyyətini daşıyardılar.
Bununla yanaşı, qadın obrazlarını gücləndirərkən onların yanılmaq ehtimalını da ortadan qaldırmazdım. Güntülü səhv edərdi. Ayşə vaz keçə bilərdi. Ayşə Selimi heç vaxt bağışlamaya bilərdi. Çəkilib gedə bilərdi, lakin unutmayın ki, o yenə də sevmiş olardı. Romanın sonuna gəldikdə isə, bəli, Selimi öldürməsəm də, onu xilas etməzdim; çünki bəzi insanların xilas edilməyə ehtiyacı yoxdur. Onların özləri ilə üzləşməyə ehtiyacı vardır. Mən Selimi tənha buraxardım. Bunu bir cəza kimi düşünməyin.
Sonda gedişat dəyişərdi. Ayşə yolun yarısından öz həyatına qayıtmağı seçər, Güntülü isə öz yolunu cızardı. Şərəfmi? O yenə haradasansa səslənərək Selimi hərəkətə keçirərdi. Bax, Selim o zaman mübarizələrin ən çətininin məhz özü ilə olan mübarizə olduğunu anlayardı. Ruhunu axtaran bu küskün adam ruhunu yetkinləşdirməyi yalnız bu yolla öyrənə bilərdi.
Son olaraq, mən bu şah əsəri yenidən yazsaydım, Atsızın bu möhtəşəm sətirlərini silməzdim. Sətirlərin arasına girər, onunla müzakirə aparardım. Onun səhvlərinə etiraz edərdim. Atsızla və Selimlə inadlaşardım. Qarşılarında durub "Xeyr" derdim. Onun yanındakı qadınların da ruhuna bir pəncərə açardım. Bəlkə də qələmi əlindən almağa çalışardım. Selimi susdurmar, onun səssiz qaldığı yerdə Ayşəni, Güntülünü və digər qadınları dilləndirərdim. Mənim "Ruh Adam"ım yenə "Ruh Adam" olardı, lakin sonda ruhunu təkçə Selim Pusat tapmazdı.

Şərhlər (0)

Şərh yazın

Şərhlər redaksiya təsdiqindən sonra dərc olunur.

Oxşar Yazılar

İncələmə